Ötən il 821 nəfər yol qəzalarının qurbanı oldu

Ötən il 821 nəfər yol qəzalarının qurbanı oldu

Ötən il Azərbaycanda 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb. Onların 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.

Bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, görülmüş tədbirlərə baxmayaraq, ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.

Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər həlak olub, 527 nəfər xəsarət alıb.